Quranda izah edilən faşist bir xarakter: Firon

Faşist liderlərin ən diqqətə çarpan xüsusiyyətləri rejimlərini, qorxu və təzyiq əsasında qurmalarıdır. Ümumiyyətlə, xalqı təhdidlə, təzyiqlə, işgəncəylə susdurar və istədikləri kimi istiqamətləndirirlər. Bu demək olar ki, bütün faşist rejimlərin dəyişməz qanunudur. Onlara tabe olan insanlar isə çox vaxt haqlının yanında deyil, güclünün yanında olan, gücün qarşısında asanlıqla boyun əyən, səlahiyyəti qarşısında hər cəhətə yönələn şəxsiyyətsiz xarakterdədirlər. Buna görə də faşistlərin göstərdikləri kobud qüvvə və gücə görə onlara boyun əyərlər. Bunda, ümumiyyətlə, cahil və mədəniyyətsiz olmalarının da təsiri böyükdür. Allah Quranda zalım bir diktator və ona bağlı olanlardan ibarət olan bu ictimai sistemin tarixi bir nümunəsini təsvir edir: Bu Firon dövründəki Misirdir.

Hz. Musa dövründə Misir hakimiyyəti əlində olan Firon, tamamilə təzyiqə əsaslanan bir sistem qurmuşdur. Bunu edərkən eynilə hakimiyyətini gücləndirə bilmək üçün qan tökməkdən və zorakılıqdan çəkinməyən faşist liderlər kimi, güc tətbiq etmiş və qan tökməkdən çəkinməmişdir.

Quranda Fironun etdikləriylə əlaqədar ayələrdə təsvir edilən xüsusiyyətlərə baxıldıqda faşist liderlərlə arasındakı bənzərlik diqqəti cəlb edəcək xüsusiyyətlər görünür. Firon da, dövrümüzdəki faşist liderlər kimi, ölkəsində yaşayan insanları zümrələrə ayırmış və bunların bir qisminə qarşı qırğınlar həyata keçirmişdir:

 Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. Firon onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. (Qəsəs surəsi, 4)

 Firon rejiminin başqa bir diqqət çəkici xüsusiyyəti isə, sahib olduğu hərbi gücdən müasir faşistlər kimi öz ölkəsinin xalqına qarşı istifadə etməsidir. Məsələn Firon, hz. Musa ilə birlikdə Misirdən çıxan İsrail oğullarınının qabaqlarını kəsmək üçün ordusunu yola çıxarmışdır. Quranda Firon sistemindən danışılarkən dəfələrlə "Firon və əsgərləri" ifadəsindən istifadə edilir ki, bu da Firon rejiminin militarist quruluşuna işarə edə bilər. (Doğrusunu Allah bilir). Firon ilə müasir faşist diktatorlar arasındakı digər bir bənzərlik isə özlərini guya müqəddəs kəslər kimi göstərmələridir. Hitler və Mussolini rejimlərində görülən "liderlərin müqəddəsləşdirilməsi" üsulu, Firon tərəfindən çox açıq bir şəkildə istifadə edilmişdir:

Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram...." (Qəsəs surəsi, 38)

Firon qövmünün içində qışqırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü? (Zuxruf surəsi, 51)

 Ayədə Firon üçün istifadə edilən "qışqırdı" ifadəsi, onun xalqına qarşı qışqıraraq güclü nitq söylədiyinə işarə edir. Bu üsul Hitler və Mussolini kimi faşist diktatorların ən diqqətə çarpan təbliğat üsuludur. Fironun xalqını azdıraraq, arxasınca sürüdüyü vaxtlarda Misir xalqına həqiqətləri göstərən, doğru yolu bildirən bir elçi, yəni hz. Musa gəlmişdir. Lakin onlar hz. Musaya tabe olmaq əvəzinə qorxduqları və onu zahirən daha güclü gördükləri üçün Fironun arxasından getməklə səhvə yol veriblər:

Firon və onun əyanları tərəfindən onlara işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.
(Yunis surəsi, 83)

Göründüyü kimi, cəmiyyətin bir qismi, "Firon və əyanlarının onları işgəncələrə məruz qoymaları qorxusuyla" iman gətirməmişdirlər. Bu ifadə Firon rejiminin insanlara, yalnız inanclarından ötrü zülm edən bir sistem olduğunu göstərir ki, bu da faşizmin əsas xüsusiyyətlərindəndir. Firon ilə müasir faşist liderlər arasındakı digər bir bənzərlik isə insanlara qarşı ayrı-seçkilik, irqçi dünyagörüşləridir. Dövrümüzdəki faşistlərin irqçi dünyagörüşü Fironda da müşahidə edilir. O da dövrümüzdəki "anti-semit" diktatorlar kimi, İsrail oğullarını guya aşağı bir qövm kimi görmüş və buna görə də İsrail nəslindən olan hz. Musa və hz. Harunu öz aləmində alçaltmışdır. Firon və ətrafının sözləri bunu açıq şəkildə göstərir:

Onlar dedilər: “Bunların tayfası bizə kölə olduğu halda, biz özümüz kimi iki adama inanacağıq?”
(Muminun surəsi, 47)

 Bura qədər verilən nümunələrdən də aydın olduğu kimi Fironun sistemi və dövrümüzdəki faşist rejimlər arasında əhəmiyyətli bənzərliklər vardır. Bu bənzərlik yalnız rəhbərlik sistemi baxımından deyil, bu sistemə tabe olan xalq baxımından da etibarlıdır. Həqiqətdə Firona tabe olan və onun ardınca gedən insanların da çoxu onun səhv yolda olduğunu, Musa peyğəmbərin isə doğru yolda olduğunu bilirdilər. Ancaq Fironu güclü və hakim gördükləri üçün vicdanlarına tabe olmaq əvəzinə, həqiqətləri görməzliyə vururdular. Kobud bir gücün təsiri altına düşdülər. "Güclü olan haqlıdır" yalanına inandılar. Halbuki, gücün və hakimiyyətin tək sahibi Allahdır. Bunu qavraya bilmədikləri üçün Fironla birlikdə onlar da dünyada və axirətdə böyük bir rüsvayçılıqla qarşılaşdılar. Bu kəslərin aqibətləri isə Quranda belə bildirilir:
Biz də onu və onun əsgərlərini tutub dənizə atdıq. Bax gör zalımların aqibəti necə oldu. Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir. Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar Allahın rəhmətindən qovulmuş kimsələrdən olacaqlar. (Qəsəs surəsi, 40-42)

 Faşist liderlərin aqibəti də Fironun aqibəti kimi ibrətamizdir. Hitler intihar etmiş, Mussolini isə öz xalqı tərəfindən edam edilmişdir. Özlərini ucaltmaq naminə etdikləri zülmlər isə yalnız alçalmalarına səbəb olmuşdur. Özlərindən sonra gələnlər tərəfindən nifrətlə yad edilən insanlar olmuşlar. Üstəlik bu yalnız dünyadakı bir rüsvayçılıqdır, axirətdəki əzab isə daha çox şiddətlidir. Ancaq unudulmamalıdır ki, axirətdəki əzab yalnız başçılara üz verməklə kifayətlənməyəcək, onların arxasınca gedənləri də bürüyəcəkdir. Bu həqiqət də Quranda belə bildirilir:

Axirət günü hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. İndi siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. İndi qəm çəksək də, səbir etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur”. (İbrahim surəsi, 21)

Tarixdə bir çox diktator despot rejimlər qurmuş, xalqları isə kobud qüvvətin, şiddətin, gücün, qorxunun, hakimiyyətin sehrinə qapılaraq onlara boyun əymiş, ayədə bildirildiyi kimi, "...hər bir inadcıl təkəbbür sahibinin əmrinə uydu"lar (Hud surəsi, 59). Allah bu liderlərin və cəmiyyətlərin bu böyük səhvini belə xəbər verir:

Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı. (Haqqə surəsi, 9-10)

Geri