Giriş

Faşizm 1919-ci ildən sonra ilk növbədə İtaliyada və daha sonra müxtəlif Avropa ölkələrində, I Dünya müharibəsinin özüylə gətirdiyi siyasi və ictimai dəyişikliklərə reaksiya olaraq meydana gələn repressiv siyasi bir hərəkətdir. Adı isə qədim Romada hakimiyyəti təmsil edən bir baltanın ətrafına bağlanmış bir dəstə çubuq mənasını verən Latınca "Fascism" sözündən gəlir. Faşizm termini ilk olaraq, İtaliyada 1922-1944-cü illər arasında hakimiyyətdə olan Benito Mussolininin liderliyindəki rəhbərlik tərəfindən istifadə edildi. Balta ətrafına bağlanmış çubuq dəstələri forması da bu ilk faşist partiyanın emblemi oldu. İtaliyadan sonra 1933-1945-ci illər arasında Almaniyada və 1939-1975-ci illər arasında İspaniyada faşist partiyalar hakimiyyətdə idi. II Dünya müharibəsindən sonra isə Cənubi Amerika və digər bəzi zəif inkişaf etmiş ölkələrdə qurulan diktatorluq bənzəri rejimlər də ümumiyyətlə faşist rejim olaraq xarakterizə edildi.

Faşizmin nəyi ifadə etdiyinə baxdığımız təqdirdə isə, bunun cavabını ən əsaslı olaraq Mussolininin 1932-ci ildə İtalyan Ensiklopediyası üçün verdiyi faşizm tərifində görə bilərik:  Faşizm, indiki vaxtda nə qədər ki, bəşəriyyətin inkişafını və gələcəyini siyasi düşüncələrdən ayrı olaraq ələ alırsa da, nə əbədi bir sülh ehtimalına, nə də bunun faydalı olacağına inanır. Bundan ötrü də sülhsevərlik doktrinasını rədd edər. Müharibə insanın bütün enerjisini ən yüksək gərginlik nöqtəsinə daşıyır və nəciblik damğasını onu qarşılamağa cəsarət edən insanların üstünə vurur. Bütün digər məsələlərin heç biri insanı ölüm və həyat arasında seçim etmə kimi böyük bir alternativə apara bilməz...

Faşizm həyatı mübarizə və qələbə kimi görər, onu həm yaxınlığındakı və uzaqlardakı insanlardan, həm də yaşadığı dövrdəki və sonrakı dövrdə gələcək insanlardan çox üstün tutar.(1) Mussolininin də qeyd etdiyi kimi faşizmin əsas xüsusiyyəti Darvinist bir qarşıdurma və müharibədir. Darvinizm kitabın giriş hissəsində də ifadə etdiyimiz kimi, "güclü olanın həyatda qalıb, zəif olanın aradan götürüldüyünü" iddia edir, buna görə də insanların yaşamaq üçün daima mübarizə aparmalı olduğunu irəli sürür. Bu fikirlə çıxış edən faşizmdə də, bir millətin inkişafının ancaq döyüşlə mümkün olacağına inanılır və sülh inkişafı zəiflədən bir faktor hesab edilir. Eyni düşüncə faşizmin sionist yəhudilər arasındakı nümayəndəsi sayılan Vladimir Jabotinski tərəfindən də ifadə edilmişdir. İsrail radikal sağının fikri qabaqcılı olaraq qəbul edilən Jabotinski 1930-cu illərdə faşist zehniyyəti ümumi şəkildə belə izah etmişdir:

Dövrümüzdəki əxlaq qaydaları çərçivəsində uşaq humanistliyinin təsiri yoxdur. Dünyanın siyasi həyatını formalaşdıracaq fakt, yalnız və yalnız gücdür. Qonşusu nə qədər yaxşı və səmimi olursa olsun, ona inanan insanlar axmaqdırlar. Ədalətə inananlar da axmaqdırlar. Ədalət biləyi güclü olanın və bu biləyi böyük inadkarlıqla arzularını həyata keçirmək üçün istifadə edənindir. (2) Bu sözlərdən də başa düşüldüyü -və sonrakı səhifələrdə təfərrüatlarıyla nəzərdən keçirəcəyimiz- kimi, faşizm əslində bəşəriyyətin, Darvinizmin uzaqgörənlikləri istiqamətində "meşə qanunlarına" görə təşkil edilməsinin ideologiyasıdır. Faşizmin başqa bir xüsusiyyəti də irqçiliyə əsaslanan, təcavüzkar bir milliyyətçilik anlayışıdır.

Bu milliyyətçilik anlayışı insanın öz millətini sevməsi və onun üçün çalışması kimi ümumiləşdiriləcək yumşaq milliyyətçilik anlayışından çox fərqlidir. Faşizmin təcavüzkar milliyyətçiliyi, öz millətinin bütün digər millətlərə təzyiq göstərməsini, onları əzməsini, kölələşdirməsini qarşısına məqsəd qoymuşdur. Bu xəyal uğruna öz millətinə böyük işgəncələr verməkdən də çəkinməz. Faşistlərin milliyyətçiliyi, əslində milliyyətçilik anlayışını müharibə, işğal, qırğın kimi siyasi istəklərlə və "qan tökmə" məqsədinə alət etməkdən ibarətdir.  Faşist bir rejim, digər millətlərə təzyiq göstərmək istədiyi kimi, öz millətinə qarşı da təzyiq və gücdən istifadə edir. Faşizmdəki əsas ictimai siyasət bir fikri qəbul etdirməkdə təkid etmək, məcburən qəbul etdirməkdir. Faşizm, həm ayrı-ayrı fərdlərin, həm də cəmiyyətin bütün təbəqələrinin düşüncə və davranışını eyni istiqamətdə formalaşdırmağı qarşısına məqsəd qoyar.

Bu məqsədə nail olmaq üçün hər cür təbliğat üsuluyla yanaşı güc və zorakılıqdan istifadə edər. Özü kimi düşünməyən hər kəsi düşmən elan edər. Hətta, nasist Almaniyasında olduğu kimi böyük bir qırğın da törədə bilər. Bütün bunlar faşizmin meydana gətirdiyi cəmiyyət quruluşunun və siyasi rejimin çox qısa bir tərifidir. Amma əsl məsələ, faşizmin haradan meydana gəldiyini və sonra necə olub da yayıldığını, hakimiyyəti ələ keçirdiyini, kütlələri arxasınca sürüdüyünü başa düşə bilməkdir.

Bunu başa düşmək əhəmiyyətlidir, çünki faşizm II Dünya müharibəsindən sonra tarixə basdırılmış sayılsa da, hələ də müxtəlif formalarda ortaya çıxır. Faşizm yalnız bir siyasi sistem deyil, həmçinin bir mədəniyyətdir və bu mədəniyyət nasist Almaniyası və Mussolini İtaliyası kimi siyasi rejimlər qurmasa belə, dünyanın hər bir yerində insanlara əzablar verməyə davam edir. Buna görə də indi faşist mədəniyyətin mənşəyini araşdıracaq və faşizmin necə olub da 20-ci əsrin birinci yarısında bütün dünyanı sarsıdan, zülmlə dolduran bir güc halına gələ bildiyini görəcəyik.

Geri