Üçüncü dünya faşistləri

Faşizm II Dünya müharibəsində hərbi məğlubiyyətə məruz qaldı. Nasist Almaniyası, faşist İtaliya və Yapon faşizminin meydana gətirdiyi ittifaq, müharibədən məğlub çıxdı və hər üç ölkədə də faşist rejimlər aradan qalxdı. Hitler intihar etdi, Mussolini öz vətəndaşları tərəfindən asıldı, Yaponiyadakı hökumət isə özünü təmizə çıxardı. 20-ci əsrin birinci yarısında yüksələn faşizm, əsrin ortasına çata bilmədən çökmüşdü. Ancaq bu çöküş, faşizmin tamamilə yer üzündən silindiyi mənasını vermirdi. II Dünya müharibəsindən sonra faşizm sözün əsl mənasıyla özünü üçüncü dünya ölkələrində göstərdi. Latın Amerikası və Afrikada -çox vaxt ABŞ-ın dəstəyi ilə- hakimiyyəti ələ keçirən diktatorlar və xuntalar, təməldə faşist ideologiyaya sahib idilər.

Latın Amerika faşizminin vəhşiliyi
Üçüncü Dünya faşistləri nasist qırğınlarını xatırladan vəhşiliklər tətbiq etməkdən çəkinmədilər. Məsələn, 1973-ci ildə dövlət başçısı Allendeyə qarşı qanlı bir çevriliş təşkil edən Çili diktatoru Pinoçet, ölkəsini qan gölünə çevirdi. Pinoçet prezident sarayını tanklar və reaktivlər tərəfindən bombaladaraq Allendeni öldürtdü. Ancaq Çili xalqına Allendenin təslim olmaq istəmədiyi üçün intihar etdiyi deyildi. Sonra da Allende tərəfdarlarına və müxalifətə qarşı şiddətli bir qırğın siyasətinə başlandı. Siyasi qrupun hakimiyyətinin birinci ilində minlərlə adam öldürüldü, 9 milyon əhalisi olan Çilidə təxminən 90 min adam həbs olundu. Qorxutma manevrləri, meyitxanalara yığılmış ölülər, cəsədləri Mapoço çayının suyu ilə axıb gedən gülləyə düzülmüş insanlar, şübhəli şəxslərin "Santyaqo" stadionuna qatılması, girov götürmə siyasəti, ciddi axtarışlar və odlamalar, Pinoçet rejiminin cinayətlərinin bir hissəsiydi. Təhsil heyətlərində "təmizlik" aparıldı, universitet təhsil proqramlarında olan tarix və coğrafiya elmləri faşist rəhbərliyin ciddi nəzarətinə keçirilməyə başlandı.

Argentina, Qvatemala, Salvador, Nikaraqua, Honduras, Paraqvay kimi Latın Amerika ölkələrində də Pinoçet nümunəsinə bənzər faşist diktatorlar hakimiyyətə gəldi və ağlasığmaz vəhşiliklər həyata keçirdi. Argentinadakı xuntaların rejimi dövründə rejimə qarşı çıxan minlərlə insan "yoxa çıxdı". Sonradan ortaya çıxan məlumata görə, iki mindən çox siyasi məhbus təyyarələrə mindirilmiş, Argentina sahillərində minlərlə metr hündürlükdən dənizə atılmışdı. 1995-ci ilin 27 apreldə Argentina televiziyasına çıxan Federiko Talavera adlı köhnə bir jandarm, xunta rejimi əsnasında tətbiq olunan işgəncələri etiraf edərkən, doğum sancısı çəkən qadınların dənizə atılmalarından, insanların cinsi orqanlarını dişləmək üçün xüsusi olaraq yetişdirilən itlərə qədər bir çox üsulun tətbiq olunduğundan bəhs etmişdi. Etiraf edənin dediyinə görə, xüsusi təlim görmüş itlər işgəncə görən siyasi məhbusların cinsi orqanlarını ağızlarında tutub əmr verilməsini gözləyir, məhbus danışmadığı təqdirdə isə itə dişləməsi əmri işarə edilirdi. Qvatemalada baş verən vəhşiliklər də qorxunc idi. 1954-cü ildə ölkənin ilk və tək seçilmiş başçısı olan Yakobo Arbenzini hakimiyyətdən devirən faşist rəhbərlik, 60-cı və 70-ci illərdə ölkəni bir ölüm tarlasına çevirdi. Faşistlərin hədəfləri arasında isə -faşizmin ənənəvi din düşmənçiliyinə uyğun olaraq- dindarlar gəlirdi. Amnesty International (Beynəlxalq Əfv Təşkilatı), yalnız 1966-ci ilin oktyabr ayından 1968-ci ilin mart ayına qədər aralarında çoxlu sayda dindarın da olduğu 8 min Qvatemala vətəndaşının rejimin qurduğu "ölüm manqaları" tərəfindən edam edildiyini bildirmişdi. 1972-ci ildə bu ölüm manqalarının qurbanlarının sayı 12 minə, dörd il sonra da 20 minə yüksəldi. Roma Katolik Yepiskoplar Konfransı, hökumətin həyata keçirdiyi siyasəti bir sözlə "soyqırım" olaraq xarakterizə etmişdi. Amerikalı yazıçı Uilyam Blum, The CIA: A Forgotten History adlı kitabında Qvatemala rejiminin işgəncə üsullarını belə izah edir:

Rejimi tənqid etdiyi eşidilən ya da partizan qrupuna üzv olduğu düşünülən insanlar, gizli polis tərəfindən evlərindən zorla çıxarılaraq naməlum yerlərə aparılırlar. Əksəriyyətinin işgəncə görmüş və ya yandırılmış cəsədləri bir neçə gün sonra bir yol kənarında əlləri arxadan bağlanmış vəziyyətdə ya da bir çay sahilində plastik bir torba içində tapılır. Bəziləri kütləvi məzarlara basdırılmışdır. Bəzi cəsədlər də təyyarələrlə Sakit Okeana atılmışdır. Qualan bölgəsində artıq heç kimin balıq ovlamadığı deyilir, çünki sular cəsəd doludur. Sudan çıxan cəsədlərin arasında gözlərinə iynə batmış olanlar da var. Bir kəndin partizanlarla əlaqəsi olduğu güman edilirsə kəndə basqın təşkil edilir və bütün kişilər bir daha heç görünməmək şərtilə aparılırlar. Ya da kənddəki hər kəs öldürülür və evlər də buldozerlə dağıdılır. Ancaq bu zərər çəkmiş şəxslərin demək olar ki, heç biri partizan qrupunun üzvü deyil... Ən çox istifadə edilən işgəncə üsulu, içinə həşərat əleyhinə olan dərman doldurulmuş bir torbanın zərər çəkmiş şəxsin başına keçirilməsi və ilk növbədə cinsi orqanlar olmaqla bədənə elektrik verilməsidir. Uilyam Blum kitabında Qvatemala sakini olan bir qadının sözlərini belə xəbər verir. Ailəsiylə birlikdə "rejim müxalifi" olmaqda günahlandırılaraq sorğuya aparılan Riqoberta Mençu ​​Tum adlı qadın, 9 dekabr 1979-cu il tarixində başına gələn hadisələri belə izah edir:

16 yaşındakı qardaşım Patrocino ilə məni Çajuldakı mərkəzə apardılar və günlərlə işgəncə verdilər. Başçı Lukas Qarsianın ordusundan bir zabit kişiləri bir kənara ayırdı. Bir müddət sonra Patrocinoyu gördüm, dili kəsilmiş və dırnaqları sökülmüşdü, bu çox qorxunc idi! Bu vaxt zabit bir söhbətə başladı. Hər dayandığında, əsgərlər, qardaşımın və digər kişilərin qanlı bədənlərini çubuqlarla döyürdülər. Daha sonra tanınmaz haldakı bədənləri çölə çıxardaraq torpağın üstünə atdılar və üzərlərinə qaz tökdülər. Daha sonra onları odladılar və diri-diri yandırdılar. Bu vaxt ətrafdakı insanları da bunu seyr etməyə məcbur edirdilər. Bunlar yalnız bir neçə kiçik nümunə idi. Qvatemalada əvvəlcə General Romeo Lukas Qarsia sonra da General Efrain Rios Montt tərəfindən idarə olunan faşist xunta rejimi, bənzəri şəkillərdə yüz mindən çox insanı öldürmüşdü. Uilyam Blum, rejimin təhlükəsizlik qüvvələri tərəfindən "gözləri oyulan, xayaları kəsilərək ağızlarına soxulan, əlləri və qolları qopardılan" zərər çəkmiş şəxslərdən, "döşləri kəsilən" qadınlardan da bəhs edir. Bənzər faşist rejimlər, Zair, Uqanda və Cənubi Afrika kimi Afrika ölkələrində də uzun illər hakimiyyətdə qaldı. Cənubi Afrikadakı rejim nasist Almaniyasını xatırladan dərəcədə qatı bir irqçi ideologiyaya sahib idi. Cənubi Afrika əhalisinin əksəriyyətini təşkil edən və ölkənin yerli xalqı olan zəncilər, on illər boyu hakimiyyətdəki azlıq təşkil edən ağ irqin nümayəndələri tərəfindən istismar edildi. Bir sözlə, 20-ci əsrin ikinci yarısı da, birinci yarısı qədər faşist vəhşiliyin hədəfi oldu. Avropada dağılan faşist rejimlərin bənzərləri, Latın Amerika və Afrikada ortaya çıxdı və yenə dünyanı "güclülərin qalib gəldiyi, zəiflərin yox olduğu bir qarşıdurma meydanı" halına gətirdilər.

Geri